Ana səhifə » Elektronika dərsləri » Valent elektronları

Valent elektronları

Valent elektronları haqqında

Elektrik cərəyanı valent elektronları hesabına yaranır. Valent elektronları elektronikanın əsas anlayışlarındandır. Valent elektronlarının sayı atomun digər atomlarla necə əlaqə quracağını müəyyənləşdirir.

Atomlar bir – birləri ilə son orbitdəki elektronlarla bağlı olur. Atomun sonuncu orbitindəki elektronuna valent elektronu deyilir. Atomu məhz bu elektron keçirici edir.

„Atomların quruluşu. Müsbət və mənfi ionlar“ mövzusundan bildiyimiz kimi atom iki hissədən ibarətdir:

  1. Atomun nüvəsi
  2. Enerji səviyyələri

Atomun nüvəsində proton və neytronlar, enerji səviyyələrində isə elektronlar yerləşir. 

Atomun nüvəsinə yaxın olan enerji səviyyəsindəki elektronların enerjisi aşağıdır. Əksinə, bir elektron nüvədən nə qədər uzaqdırsa, o qədər yüksək enerji səviyyəsində yerləşir. Bu o deməkdir ki, nüvədən uzaqda olan elektronlar qismən azaddırlar. Çünki enerjiləri yüksəkdir. Nüvədən az asılı olduqlarından atomu rahatlıqla tərk edib, sərbəst ola bilirlər. Ən yüksək enerji səviyyəsindəki bu elektronlar valent elektronlarıdır.

Yazdıqlarımın daha anlaşılan ola bilməsi üçün bir nümunəyə baxaq.

Mis atomunun valent elektronu

Şəkildə mis atomunun elektronlarının enerji səviyyələrində paylandığını görürsünüz. K enerji səviyyəsindəki elektronların enerjisi aşağıdır. Onlar atomu tərk edə bilmirlər. Nüvəyə çox bağlıdırlar.

Ancaq N səviyyəsindəki elektronun enerjisi yüksəkdir. Bu elektron atomu rahatlıqla tərk edə bilir. Sərbəst ola bilir və ya başqa atoma birləşə bilir.

Mis atomunun N səviyyəsindəki, yəni sonuncu enerji səviyyəsindəki bir elektronu onun valent elektronudur.

Atomların başqa atomlarla əlaqəsində valent elektronlarının rolu

Hər bir atom öz sonuncu elektron səviyyəsini doldurmaqda maraqlıdır. Bunun üçün atomlar bir – biri ilə elektron alış – verişi edirlər. Sonuncu orbitlərini doldurmağa çalışırlar.

Atomların sonuncu enerji səviyyəsində maksimum 8 elektron yerləşə bilir. Yəni atomun valent elektronunun sayı maksimum 8 ola bilər.

Sonuncu enerji səviyyəsi tam doludursa, o atom elektron alıb – verməkdə maraqlı olmur. Misal üçün, Mendeleyev cədvəlində ən sağ sütunda neon, arqon və s. elementləri yerləşir. Bu elementlər başqa bir elementlə, hətta öz aralarında belə qarşılıqlı təsirə girmək istəmirlər.

Öz hallarından məmnun olmalarının səbəbi ən son orbitlərinin tam dolu olmasıdır; son orbitlərində 8 elektron var. Nə bir elektron verməyə, nə də bir elektron almağa meyllidirlər.

Bir atomun son orbiti tamamən elektronlarla doludursa, həmin atom digər atomlara qarşı marağını itirir. İki atomun bir – birinə bağlı ola bilməsi üçün ən son orbitdəki elektronların sayı səkkizdən az olmalıdır.

Bu atomlardan ibarət olan maddələr elektron alıb vermədiyi üçün elektriki keçirtmir.

Əksinə, son orbitində az elektron olan atom elektriki yaxşı keçirir. Bu atomların digər atomlarla əlaqələri yaxşıdı. Çünki son orbitlərini doldurmaqda maraqlıdırlar.

Atomun son orbitində elektronların sayı bir, iki və ya üçdürsə, bu atomlar elektriki çox yaxşı keçirdir. Mis, qızıl, gümüş, alminium. və s. yaxşı keçiricilərdi. Bu səbəbdən adlarını elektronikada tez-tez eşidirsiniz.

Bu atomlar son orbitlərindəki elektronları rahatlıqla itirə bilir və müsbət iona çevrilirlər. Keçiriciliyi isə yaradan ionlar, yəni yüklü hissəciyə çevrilmiş atomlardır.

Dediklərimizi ümimiləşdirsək, valent elektronu bir, iki, üç olan atomlar yaxşı keçiricilərdir.

Hər bir atomda valent elektronlarının sayı fərqlidir. Valent elektrolarının sayını bilməklə elektronikada  hansı maddəni nə vaxt, harda istifadə edəcəyinizi qərarlaşdırırsınız. Atomun valent elektronlarının sayı maddələrin elektriki keçirən və ya keçirməyən olduğunu müəyyənləşdirir.

Növbəti dərsdə elektriki keçirən (keçiricilər) və keçirməyən (dielektriklər) maddələr haqqında oxuya bilərsiniz.

Sıfırdan Elektronika Dərsləri

Növbəti dərs: Əsas anlayışlar

“Valent elektronları” mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
5 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x