Ana səhifə » Elektronika dərsləri » Statik elektrik

Statik elektrik

Elektriki görə, toxuna, iyləyə və ya eşidə bilmirik. Ancaq onun təsirini ildırım qığılcımında, qapı çəftəsi ilə bizim aramızdakı qığılcımda, fənər, kalkulyator, televizor, telefon və digər cihazlarda görürük.

Elektrikin iki növü var:

  1. Statik elektrik
  2. Dinamik elektrik

E.ə. 600 – cü ildə yunan filozofu Thales kəhrəbanı yun parçaya sürtərkən statik elektrikin yaranmasını təcrübə edir.  Bu zaman kiçik qığılcımlar çıxdığını görür. Kəhraba sürtüldükdən sonra saçın uclarını, saman çöpünü, kağız parçasını cəzb edir. Thales bunun yalnız kəhrəba ilə bağlı olduğunu düşünür. Və bu cismə elektron adını verir. Yunanca kəhrəba sözünün mənası elektron deməkdir. Bu gün biz, bunun tək kəhrəba ilə əlaqəli olmadığını bilirik.

Statik elektrik iki fərqli, elektriki keçirən və ya keçirməyən cismin təmas etdiyi və sürtünmənin baş verdiyi hər an yarana bilir. Çünki sürtünmə ilə maddələrdəki atomlar bir–birilə elektron alış-verişində olurlar. Məsələn,

  • hər dəfə xalça üzərində gəzdiyimizdə,
  • paltarımızı çıxartdığımızda,
  • saçlarımızı plastik daraqla daradığımızda,
  • avtomobildən enib qapısını bağladığımızda və s.

statik elektrik yaradırıq.

Bütün maddələr bərabər sayda müsbət və ya mənfi yüklə yüklüdür. Cisimlərdə bərabər olan müsbət və mənfi yüklər sürtünmə ilə qeyri bərabər paylanır. Bu da maddələrin elektriklənməsinə səbəb olur.

(+) yüklü cisim: (+) yük sayı (–) yük sayından çox olan cisimdir. Yəni elektron əskikliyi olan cisimdir.

(–) yüklü cisim: (–) yük sayı (+) yük sayından çox olan cisimdir. Yəni elektron artıqlığı olan cisimdir.Neytral cisim: (+) və (–) yük sayı bir – birinə bərabər olan cisimdir. Neytral cisimlər yüksüz deyil. Sadəcə (–) və (+) yük sayı bir-birinə bərabərdir.

Quru bir gündə plastik darağı saçınıza sürtdüyünüzdə elektronlar saçınızdan darağa transfer olacaq. Daraq mənfi yüklənəcək. Mənfi yüklənmiş daraq müsbət yüklü olan hər şeyi `maqnitlərin metalları özünə çəkdiyi kimi` çəkəcək.

Eləcə də şüşə çubuğu ipək parçaya sürtüyünüzdə, şüşə çubuqdan elektronlar ipək parçaya keçəcək. Şüşə çubuq elektron itirdiyi üçün müsbət yüklə yüklənəcək.

Göstərdiyimiz bu nümunələrdə plastik daraq (–), şüşə çubuq (+)  yüklənmişdir. Ona görə də saçımıza sürtdüyümüz daraq müsbət yüklü olan hər şeyi cəzb edir. Müsbət yüklənmiş şüşə çubuq isə mənfi yüklü olan cisimləri özünə çəkəcək.

Çünki müxtəlif elektrik yükləri bir – birini cəzb edir, eyni yüklər  bir – birini itələyir. Bu elektrik yükünün əsas xassəsidir.

Bir daha qeyd edim ki, (+) və (–) yüklü cisimlərdə hərəkət edən elektronlardır. Bir cisimdə elektron artıqlığı varsa, o cisim mənfi yüklənib deyirik. Bir cisimdə elektron əskikliyi varsa, o cisim müsbət yüklənib deyirik. Yük axını (–) yüklü cisimdən (+) yüklü cismə doğru baş verir. Əksi mümkün deyil. Cisimlər arasında cəzbetmə onların yükü bərabərləşənə qədər davam edir.

Statik elektrik

Şəkildə (–) yüklənmiş K çubuğu və neytral olan L cismi təsvir olunub. K çubuğu neytral L cisminə toxunanda elektronlar K-dan L-ə keçir. Bu proses hər ikisində yük sayı bərabərləşənə qədər davam edir. Nəticədə neytral L cismi K çubuğu kimi (–) yüklənir.

Əgər K çubuğu (+) yüklü olsaydı, neytral L cismindən (–) yüklər K kürəsinə keçərdi. Nəticədə hər ikisi (+) yüklü olardı.

  • (–) yüklü bir cisim neytral bir cismə toxunanda, neytral cisim də (–) yüklənir.
  • (+) yüklü bir cisim neytral bir cismə toxunanda, neytral cisim (+) yüklənir.
  • İki cisim bir-birinə toxunanda, toplam yükdə dəyişiklik olmur. Toplam yükü bərabər şəkildə paylaşırlar.

Torpaqlama

Torpaqlama yüklü keçirici bir cismin keçirici bir tellə torpağa bastırılmasıdır. Bu zaman yüklü keçirici cisim əlavə yüklərini itirir. Cisim neytral cismə çevrilir. Çünki yer kürəsi yük daşıma tutumu çox böyük olan bir keçiricidir.

Torpaqla təmasda olan cisim neytral haldadır.

  • Fərz edək ki, (–) yüklü cisim keçirici bir tellə torpağa bağlanır. Bu zaman artıq olan (–) yüklər torpağa axacaq. Cisim neytral olacaq.
  •  (+) yüklü bir cisim keçirici tellə torpağa bağlanırsa, bu zaman torpaqdan cismə mənfi yüklər axır. Nəticədə cisim neytral olur.

Statik elektrikin insan sağlığına zərərləri

Statik elektrikin gərginliyi çox olsa da cərəyan şiddəti azdır. Ona görə də statik elektrik insan həyatı üçün təhlükəli deyil. Ancaq sağlamlıq üçün təhlükəli ola bilər.

İnsan bədənində var olan elektrik daha çox əllərdə, üzdə və başda toplanır. Təmas və sürtünmə yoluyla bir cismə toxunursunuz. Bu zaman bədəniniz ilə cisim arasında yük alış-verişi olur olur. Mənfi yüklənən bədənimizlə başqa cismə təmas etdiyimizdə ani bir şəkildə yük boşalması yaşanır.

Statik elektrik şarjı nəmli yerlərdə daha az, quru mühitlərdə isə daha çoxdur. Buna görə də quru mühitdə olduğunuzda ağlınıza gəldikcə bədəninizdəki statik elektriki boşaldın. Bu, sağlığınıza və sahib olduğunuz elektrik cihazlarınıza faydalıdır.

Elektrikin növləri
Statik elektrikin insan sağlığına zərərləri

Bədəninizdəki statik elektriki boşaltmaq üçün əl və ayağınızla torpağa toxuna və ya su ilə yuyuna bilərsiniz. Bu zaman əlavə elektronlar kənara atılır. Statik elektrik zərərsiz olaraq boşaldılır.

Dinamik elektrik

Dinamik elektrik adından göründüyü kimi hərəkətli elektrikdir.

Dinamik elektrikin iki növü var:

  1. D.C. – ingilizcə Direct Current sözlərinin qısaldılmışıdır. Yəni sabit cərəyan
  2. A.C. ­­– Alternatif Current sözlərinin qısaldılışıdır. Yəni dəyişən, alternativ cərəyan

Dinamik elektrik haqqında geniş məlumatı bu dərsdən ala bilərsiniz.

“Statik elektrik” yazımı yararlı hesab edirsinizsə, sosial mediada paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
Sıfırdan Elektronika Dərsləri

Növbəti Dərs: Əsas anlayışlar

3 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x