Ana səhifə » Elektronika dərsləri » Qapalı və açıq dövrə

Qapalı və açıq dövrə

Sıfırdan Elektronika Dersleri

Cərəyanın axa bilməsi üçün, yəni istənilən cihazın, avadanlığın işləyə bilməsi üçün elektrik dövrəsi qurulmalıdır. Bu dərsdə sadə elektrik dövrəsi anlayışının nə olduğundan danışacağıq. Elektrik komponentləri ilə tanış olub, sonda bu komponentlərdən ibarət sadə dövrə yığacağıq.

Dövrə açıqdır və ya qapalıdır, anlayışlarını da tez-tez eşidirik. Dövrənin hansı halda açıq və ya qapalı olması haqqında da məlumat alacaqsınız.

Bu dərs dövrə texnologiyasının bünövrəsidir. Dərsdə anlamadığınız hissələri rəy bölməsinə qeyd edə bilərsiniz. Qısa zamanda cavablandırmağa çalışacam. İndi keçək mövzumuza.

Tövsiyə olunan dərslər:
Elektrik dövrələri‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Elektrik dövrəsi komponentləri

Elektrik dövrəsi cərəyanının izlədiyi qapalı yola verilən addır.

  • Elektrik dövrəsi müxtəlif komponentlərdən ibarət ola bilər. Ancaq elektrik dövrəsində cərəyanın axması üçün aşağıdakı komponentlərin olması şərtdir:
    • Gərginlik mənbəyi, məsələn, batareya;
    • Birləşdirici naqillər, məsələn, kabel;
    • Qəbuledici, məsələn, lampa.

Bu üç elementin var olduğu dövrə sadə elektrik dövrəsidir.

  • Gərginlik mənbəyi: Bir dövrədə iki nöqtə arasında potensiallar fərqi yaradan dövrə elementidir. Bu dövrə elementi olmadan dövrədən cərəyan axa bilməz. Bu element bir elektrik dövrəsinə lazım olan enerjini verir. Gərginlik mənbəyinə güc qaynağı da deyilir.

TV pultuna taxılan batareya, avtomobilin akkumulyatoru, elektrik cihazlarının taxıldığı rozetka (yuva) və generatorlar gərginlik mənbələrinə misaldır.

Batareyalar
  • Birləşdirici naqillər: Dövrədəki elementləri bir – birinə bağlayan keçirici materiallardır. El dilində desək kabellərdir)) Birləşdirici naqillər mis, dəmir, alüminium kimi elektriki keçirən maddələrdən hazırlanır. Almaniyada naqillərin demək olar ki, 90%-i misdir.

Bütün elektrik cihazlarının birləşdirici naqili var. Birləşdirici naqil sayəsində elektrik cihazına elektrik enerjisi verilir. Birləşdirici naqillər evlərimizdə divarların içində olur. Bu kabellərin köməyilə elektrik yuvasına elektrik daşınır (Elektrik yuvası hər gün elektrik cihazlarınızı taxdığınız yerə deyilir).

  • Qəbuledici: Elektrik enerjisini başqa enerjilərə çevirən alət və cihazlara qəbuledici deyilir. Lampa, ütü, tozsoran, radio, soyuducu və s. qəbulediciyə misaldır.
Qəbuledici – lampa

Lampa dövrədəki elektrik enerjisini istilik və işıq enerjisinə çevirən qəbuledicidir.

  • Elektrik açarı: Açar işlədicini istənilən vaxt dövrəyə daxil edən və ya dövrədən ayıran qurğudur. Açar açıldığında elektrik axınını kəsər. Qapandığında isə elektrik axınının keçməsini təmin edər.
Elektrik açarı
  • Evimizdə işığı yandırıb söndürdüyümüz elektrik avadanlığı açardır.

İndi haqqında danışdığımız bu elementlərdən ibarət bir sadə elektrik dövrəsi yığaq.

Sadə elektrik dövrəsi
  • Bu dövrədə batareya gərginlik mənbəyi, lampa qəbuledicidir. Elektronlar batareyanın mənfi qütbündən müsbət qütbünə doğru hərəkət edirlər. Lampadan keçərkən də lampanı yandırırlar.
  • Elektrik açarı açıq olsaydı, dövrə tamamlana bilmədiyi üçün lampa yanmayacaqdı. Lampanın yanması üçün açar qapalı vəziyyətdə olmalıdır.
  • Elektrik dövrəsindəki elementlər müəyyən şərti işarələrlə göstərilir. Aşağıda bəhs etdiyim elementlərin şərti işarəsi göstərilib:

Aşağıda bəhs etdiyim elementlərin şərti işarəsi göstərilib:

Sadə dövrə elementləri. Şəkil ilk-okul.com saytından götürülüb.

Eyni dövrəni bu dəfə şərti işarələrlə göstərək:

Sadə dövrə

Bu gördüyünüz sadə dövrə əslində evlərinizdəki işığın işləmə prinsipini göstərir. Quraşdırma texnologiyasında prinsipcə bu dövrəylə eyni, ancaq daha mürəkkəb diaqramlarla tanış ola bilərsiniz.

Açıq və qapalı dövrə nədir?

  • Elektrik dövrəsində açar açıq olduqda, dedik ki, dövrədən cərəyan axmır. Nəticədə cərəyan qəbuledicidən də keçmir. Dolayısıyla qəbuledici işləmir. Cərəyanın axa bilmədiyi bu dövrələrə açıq dövrələr deyilir.

Aşağıdakı dövrə açıq dövrədir. Elektrik açarı açıqdır. Ona görə də bu halda lampa yanmır.

Açıq dövrə
  • Elektrik dövrəsində açar qapalı vəziyyətdədirsə, dövrədən cərəyan keçir. Nəticədə qəbuledici işləyir. Cərəyanın axa bildiyi bu cür dövrələrə qapalı dövrə deyilir.
  • Açarın qapalı və qəbuledicinin sağlam olduğu müddətdə mənbəyimiz cərəyan yarada bilirsə, qəbuledicimiz işləyəcək. Ancaq açar qapalı olduğu halda qəbuledici sağlam olub işləmirsə, onda dövrədə problem var. Ya gərginlik mənbəyində, ya da qəbuledicinin bağlantısında bir xəta və ya qopma var deməkdir. Bu nasazlıqlar aradan götürülmədən açar qapalı olsa da dövrə açıq hesab olunur.

Aşağıdakı dövrə qapalı dövrədir. Ona görə də bu halda lampa yanır.

Qapalı dövrə

Ümid edirəm, dərsi anlaşılan oldu. Suallarınızı və təkliflərinizi rəy bölməsinə yaza bilərsiniz. Elektronika dərslərini tam başdan sona izləmək üçün Əsas səhifədə Elektronika bölməsinə daxil olun. Ordakı mövzu başlıqlarından birini seçib dərsləri ardıcıl izləyə bilərsiniz.

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

TEZLİKLƏ YÜKLƏNƏCƏK!

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

Sadə dövrə. Qapalı və açıq dövrəmövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
4.1 7 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x