Ana səhifə » Elektronika dərsləri » Evdə Elektronika » Evdə elektronika üçün gərəkli alətlər

Evdə elektronika üçün gərəkli alətlər

Alətlər çantanızda hansı elektronika alətləri olmalıdır?

Elektronika və elektrik sahəsilə məşğul olmaq istəyirsiniz? Hansı alətlərin gərəkli olduğu haqqında heç bir məlumatınız yoxdur? Onda bu yazı məhz sizin üçündür. Evdə elektronika üçün gərəkli alətlərlə bu yazıda tanış olacaqsınız.

Qeyd edim ki, Almaniyada sistem və cihazlar üçün elektronika sahəsini oxuyuram. Bu məlumatları da məhz oxuduğum dönəmdə etdiyim təcrübələr əsasında yazıram. Bu yazdığım alətlər elektronikanın istənilən sahəsi ilə məşğul olmaq istəyənlər üçündür. Ancaq alətlər yazdığım bu yazı ilə bitmir. Lehimləmə və digər proseslər üçün daha başqa cihazlara ehtiyacınız olacaq. Bunlar haqqında növbəti yazılarımı oxuya biləriniz.

İlk öncə elektronika alətlərini yerləşdirməyiniz üçün alətlər çantasına ehtiyacınız var. Böyük və ya kiçik olmasının fərqi yoxdur. Əsas odur ki, yazacağım bu alətlər çantanıza yerləşsin.

Alətlər çantası

Alətlərin bir yerdə olması sizin işinizi rahatlaşdıracaq. Lazım olan aləti ev əhlini ayağa qaldırmadan tapa biləcəksiniz 🙂 Disiplin hər işdə olduğu kimi elektronika sahəsində də olduqca vacibdir. İşə başladığınızda alətlər çantanızı yanınıza alın. İşinizi bitirdiyinizdə alətləri çantanızdakı yerinə qoyun. Masanızı və ətrafı təmizləyin. Bu qədər 🙂

Onu da qeyd edim ki, alətlərin adını həm azərbaycan, həm də alman dilində paylaşacam. Onların bir çoxunun adını azərbaycan dilində tam dəqiq bilmirəm. Hər hansı alətin adını səhv yazdığımı düşünürsünüzsə, rəy bölməsinə qeyd etməyinizi xahiş edirəm.

Gərəkli başlanğıc alətlərdən biri olan burğac – otvertka (Schraubendreher) ilə başlayaq. Yəqin ki bu aləti çoxunuz tanıyırsınız. Burğac – yivli bərkidici hissələrin bağlanması və açılması üçün burma hərəkətini icra edir.

Burğac (otvertka)

Bu alət dəstək və tildən ibarətdir. Dəstək adətən rezindən , til olan hissə isə metaldan hazırlanır. Burğacın müxtəlif növləri var. Burğacların üzərində həm ölçüsü, həm də neçə volta davamlı olduğu göstərilir. Şəkildə gördüyünüz burğaclar 1000V gərginliyə davamlıdırlar.

Alətlər çantanızda 4 ədəd düz tilli, 3 ədəd dairəvi tilli burğacların olması məsləhətdir:

  1. Schraubendreher Schlitz 2,5mm – Düz tilli burğac 2,5mm
  2. Schraubendreher Schlitz 3,5mm – Düz tilli burğac 3,5mm
  3. Schraubendreher Schlitz 4mm – Düz tilli burğac 4mm
  4. Schraubendreher Schlitz 5,5mm – Düz tilli burğac 5,5mm
  5. Schraubendreher Kreuz PZ 0 – Dairəvi tilli burğac PZ 0
  6. Schraubendreher Kreuz PZ 1 – Dairəvi tilli burğac PZ 1
  7. Schraubendreher Kreuz PZ 2 – Dairəvi tilli burğac PZ 2

Növbəti olması gərəkən elektronika alətiniz Steckschlüssel 6-Kant (6 bucaqlı soket açarı) alətidir:

6 bucaqlı soket açarı

8. Steckschlüssel 6-Kant SW 7

9. Steckschlüssel 6-Kant SW 8

Alətlər çantanızı ən çox istifadə olunan Abisolierzange „Automatik“ (Tel soyma aləti) olmadan düşünmək olmaz. Bu alət kabellərin və elektrik xətlərinin soyulmasını asanlaşdırır. Bildiyimiz kimi keçirici kabellər izoliyasiya olunur. İzolyasiya olunmuş keçirici üzərində elektrik bağlantısı yaratmaq üçün kabellərin ucunu soyuruq.

Abisolierzange „Automatik“ həmin kabellərin heç bir zərər görmədən soyulmasını asanlaşdırır. Məsələn, əgər çox nazik telli tellərlə işləyirsinizsə, bu zaman onların soyulması zamanı xüsusi diqqətli olmalısınız. Əks halda tellərdən bəziləri zərər görə bilir. Nəticədə elektrik bağlantısında problem yaranar.

10. Abisolierzange „Automatik“ – Tel soyma aləti

Elektronika-tel soyma aləti
Tel soyma aləti

Alətin teli nə qədər soymasını üzərində olan narıncı sürüngəclə tənzimləyə bilirsiniz. Bu alətdən telləri kəsmək üçün də istifadə olunur. Abisolierzange alətinin avtomatik olmayan növü də var. Sizə avtomatik növünü almağınızı məsləhət görərdim. Çünki onunla işləmək daha rahatdır.

Digər tel soyucu alət isə Jokarimesser -dır.

11. Jokarimesser (Abisolierwerkzeug)

Jokarimesser

Bu alət kabelin üzərinə basdırılır. Döndürülür və sonra gödəkçə hissəsilə birlikdə çəkilir. Bu tel soyucu alətdən daha qalın və zəif sürüşən kabellər üçün istifadə olunur.

Digər vacib cihazlardan biri test edə bilməyiniz üçün ölçmə cihazıdır (Messgerät mit Prüfleitung).

12. Multimetr

Multimetr

Başqa bir adla multimetr. Multimetr haqqında burdan girib oxuya bilərsiniz. Multimetrin funksiyaları, işləmə qaydası haqqında bu yazıda geniş məlumat var.

Başqa bir alətimiz isə Kəsicidir (Seitenschneider). Onlarla teli rahatlıqla kəsə bilərsiniz. Adətən üzərlərində hansı diametrdə teli kəsə bildikləri qeyd olunur.

13. Seitenschneider klein – kəsici

Tel kəsici alət

Böyük və kiçik növləri var. Ama elektronika sahəsində kiçik olan variantı istifadə olunur. Böyük kəsicidən isə daha çox elektrik sahəsində istifadə olunur.

14. Spitzzange groß – kəlbətin

Kəlbətin-elektronika

Spitzzange kəlbətinə bənzəyir. Ancaq kəlbətinə nisbətən daha dəqiq tutur və dartır. Bu alətdən bir teli bükmək, şəkilləndirmək üçün istifadə olunur. Eləcə də lehimləmədə əlinizi isti mühitdən qorumaq üçün bu alət yaxşı qoruyucudur.

Gərəkli digər alətlərdən biri də Aderendhülsenzange alətidir. Bunun tərcüməsini yüksük kəlbətini kimi yazmağı uyğun görürəm. Əgər daha düzgün tərcüməsini bilirsnizsə, rəy bölməsinə qeyd etsəniz sevinərəm.

15. Aderendhülsenzange –yüksük kəlbətini

Yüksük kəlbətin-elektronika aləti

Bu kəlbətinlər soyulmuş çox telli telin ucuna yüksükləri basmaq üçün istifadə olunur. Nəticədə keçirici səthlərin sürüşməsinin və oksidləşməsinin qarşısı alınır. Aderendhülsenzange-nin müxtəlif növləri var:

  • Trapezoid (DIN)
  • Kvadrat
  • Düzbucaqlı
  • V şəkilli
  • Altıbucaqlı

Mən kvadrat şəkilli olanından istifadə edirəm.

Son olaraq sizə metaldan olan xətkeş lazımdır. Buna alman dilində Stahlmaß deyilir.

16. Stahlmaß – xətkeş

Metal xətkeş

Təbii ki elektronika alətləri bununla bitmir. Bilirəm ki, evdə elektronikaya başalayanların çoxu lehimləməylə başlayır. Ancaq düşünürəm ki, bu qeyd etdiyim alətlərin əlinizin altında olması sizin işinizi xeyli asanlaşdıracaq. Əgər birbaşa PCB və Breadbord üzərində işləməklə elektronikaya başlayırsınızsa, sizə lazım olan alətləri növbəti yazılarımdan oxuya bilərsiniz

“Evdə elektronika üçün gərəkli başlanğıc alətlər” yazımı yararlı hesab edirsinizsə, sosial mediada paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x